Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

"Azərbaycanla bağlı xatirələri, hadisələri dinləyərək böyüdük"

04 Kasım 2013 13:33
“ Atilla Kaya: "Ermənistanı qəsdən Azərbaycanla Türkiyə arasına sıxışdırıblar" „
Azərbaycanla bağlı xatirələri, hadisələri dinləyərək böyüdük

Türkiyə Böyük Millət Məclisinin azərbaycanlı millət vəkilləri haqqında məlumatlı idim, amma onları tanımaq, onlarda bizdən olan məqamları görmək üçün can atırdım. Getdim, gördüm, tanıdım və ürəyim dolusu qürurla Vətənə döndüm. Bəli, Qarabağ savaşında bizim əsgərimizlə birlikdə erməniyə qarşı savaşan bir vəkili tanımaq, müsahib olmaq, onun can Azərbaycan haqqında düşüncələrini dinləmək insanın ürəyini dağa döndərirdi və mən bir daha dərk elədim ki, belə bir milli kimliyə və belə bir Vətənə sahib olmaq doğrudan da qürurvericidir.

AZADİNFORM-un müsahibi Türkiyənin Millətçi Hərəkat Partiyasının sədr müavini, İstanbul millət vəkili, Ülkü Ocaqlarının sabiq başçısı, Qarabağ qazisi Atilla Kayadır.

- Atilla bəy, Azərbaycanla, Qarabağla bağlı düşüncələrinizi bizimlə bölüşərsizmi?  

- Bir ülkücü və Türk millətçisi olaraq bizim düşüncə sistemimiz təkcə Türkiyə ilə yekunlaşmır, bütövlükdə bütün Türk dünyasını əhatə edir. Təəssüflər olsun ki, vaxtilə Türkiyədə sanki Türkiyə sərhədlərindən kənarda türk yoxmuş kimi bir düşüncə hakim olmuşdu. Xüsusilə də Atatürkdən sonra. Rəhmətlik başbuğumuz Alparslan Türkeş millətçi-ülkücü ziyalıların liderliyi ilə Ülkü Ocaqlarını qurdu. Bu Ülkücü hərəkat təkcə Türkiyədə deyil, Doğu Türküstandan üzübəri Azərbaycanın Quzeyi və Güneyi də daxil olmaqla ta balkanlara qədər uzanan bir millət olduğumuzu, bizim kimi düşünən, danışan, eyni soy-kökdən gəlib eyni folklora sahib soy, din qardaşlarımızın da olduğunu qəbul edən, bu gerçəyi həm özü həm də hərəkatının təməl prinsiplərindən biri kimi qəbul edən, bizim xaricimizdəki kütlələrə də bunu anladan bir siyasi hərəkat olmuşdur. Bu da o deməkdir ki, biz Türküstanı, Azərbaycanı və digər Türklərin yaşadığı hər yeri Türkiyəni sevdiyimiz qədər sevirik, ora da bizim üçün eynilə Türkiyə qədər əzizdir. Təbii ki, insanların keçmişindən qalan unutmadığı, unutdurmadığı xatirələr var. Mənim də əslim Azərbaycandan olduğu üçün, biz də Azərbaycanla bağlı uşaqlığımızdan yadımızda qalan  xatirələri, hadisələri dinləyərək böyüdük. Mənim ürəyimdə Azərbaycanın xüsusi yeri var. Şairimiz Yavuz Bülənt Bakilərin dediyi kimi: "Azərbaycan ürəyimdə bir şah damardır".

Mənim və mənim kimi düşünən bütün adamların, eləcə də bizim ülkücü hərəkatın Azərbaycana ümumi baxışı bu cürdür. Bu gün Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olması, Dağlıq Qarabağ məsələsi, 1.5 milyondan çox insanın öz vətənində qaçqın və ya köçkün olması, eyni zamanda bütün bu məsələlərlə bağlı addımların ləng atılması bizi olduqca narahat edir. Artıq işğaldan iyirmi il keçib. Və hər keçən gün Ermənistan işğal elədiyi torpaqlarda daha dərindən kök salır. Bir sözlə, torpaqlarımızın işğal altında olması bizi çox kədərləndirir. Biz orda yaşayan insanımızın rahatlığı, demokratik yolların daha sürətlə inkişafı, mətbuat, televiziya, bütün informasiya vasitələrinin azad formada ictimaiyyəti məlumatlandırdığı, demokratik prinsiplərə bütün dünyanın qəbul elədiyi çərçivədə əməl qəbul olunduğu bir Azərbaycan arzu edirik. 

- Doğrudurmu ki, Türk dünyasına gedən yol Azərbaycandan keçər? 

- Bu düzgün fikirdir. Ümumilikdə Bütöv Azərbaycana gedən yol Güney Azərbaycandan keçir, çünki dünya xəritəsini gözünüzün qabağına gətirəndə  Balkanlardan Doğu Türküstana gedən yolda maneələr mövcuddur. Biri elə Ermənistandır. Sanki onu qəsdən Azərbaycanla Türkiyə arasına sıxışdırıblar. Mənə görə əsas yolla Türkiyədən başlayıb Güney Azərbaycanın Təbrizindən keçib Doğu Türküstana gedə bilərsiz. Bu baxımdan Azərbaycan həqiqətən də Türk dünyası üçün strateji əhəmiyyətə malikdir. 

- Türkiyədəki Ülkü Ocaqlarından bir az bəhs edərsinizmi? Bu ocaqların gələcək planları, Türk dünyasındakı əlaqələrdə və inkişafında öhdəliyi nələrdir? 

- Türk dünyasındakı əlaqələrin inkişaf prinsipləri hələ bundan bir əsr əvvəl İsmayıl Qaspıralı tərəfindən ortaya qoyulmuşdur: "Dildə, Fikirdə, İşdə Birlik". Əlaqələr bu prinsiplər çərçivəsində inkişaf etdirilməlidir. Qarşılıqlı münasibətlərdə bir əsr fərqli əlifbalardan istifadə olunması, dildəki dəyişikliklərin yaratdığı problemlər getdikcə həll yolunu tapır. Ortaq kəlmələr ön plana çıxarılır, televiziya və internetin köməyi inkarolunmazdır. Və bu yaxınlaşma cəmi iyirmi ildə baş vermişdir. Dolayısıyla  bu münasibətlər inkişaf elədikcə, bir-birimizi tanıdıqca, qarşılıqlı gəliş-gediş yarandıqca bir-birimizə daha da bağlanacağıq. Bu gün Qırğızıstandakı Manas Universitetində Azərbaycandan, Türkiyədən gedən bir çox tələbələrimiz var, eyni zamanda adını çəkdiyim ölkələrdən də Türkiyəyə təhsil almağa gələn gənclərimiz var. Ticari əlaqələr çox inkişaf edib. QHT-lərin, partiyaların bir-biri ilə əlaqələri var. Bu münasibətlər inkişaf elədikcə, insanlarımız bir-birini yaxından tanıdıqca eyni kültürdən gəldiklərini, eyni dilin fərqli ləhcələrində danışdıqlarını görəcəklər. Nəticə etibarilə ortaq Türk dünyası düşüncəsi və şüuru, tək millət olma gerçəyi daha da güclənəcək. Onsuz da bu tarixi proses, bu dəyişim öz-özünə yaranır. Bir az da Türk dünyası həssaslığına sahib ictimai quruluşların ortaq proqramlarıyla daha da inkişaf edəcək. Mən Ülkü Ocaqlarında vəzifədə olanda Türk dünyasının demək olar ki, hamısında bizimlə eyni düşüncədə olan qurumlarla münasibətlərimiz davam edirdi. Detalları tam bilməmək şərtilə indiki Ülkü Ocaqlarının da bu əlaqələri davam elətdirdiyindən xəbərdaram.

- Ölkəmizə arzularınız və demək istədikləriniz...

- Mən Azərbaycandakı vətəndaşlarımızı Türkiyədəki vətəndaşlarımızdan ayrı görmürəm. Azərbaycanın ürəyimizdə ayrı yeri var. Vaxtilə Atatürkün də dediyi kimi, Azərbaycanın dərdi dərdimiz, sevinci sevincimizdir. Bütövlükdə Azərbaycan xalqına, millətçi, ülküçü fərqi yoxdur hamısına ayrı-ayrılıqda sayğılarımı, hörmətimi bildirirəm. Can Azərbaycana candan salam olsun. 

Nigar İsfəndiyarqızı - Azadinform.az


Yorumlar

Röportajlar Manşet