Ərdoğan milliyyətçilik anlayışına ağır zərbələr vurub

20 Mart 2013 16:10
“ Professor Ümid Özdağ: "Son bir ildə Türkiyədə birbaşa "Türk milliyyətçiliyinə" hücum başlanıb" „
Ərdoğan milliyyətçilik anlayışına ağır zərbələr vurub


Röportaj: Nigar İsfendiyarkızı

Müsahibim Türkiyənin ən nüfuzlu alimlərindən biri, türkiyəlilərin təbirincə desək ”ən seçkin beyin və fikir adamı”, Türk milliyyətçiliyi ideologiyasının sarsılmaz müdafiəçisi, Millətçi Hərəkat Partiyasının qurucularından, eyni zamanda Alparslan Türkeşin dava və yol yoldaşı olan Müzəffər Özdağın oğlu, “Avrasiya Strateji Araşdırmalar Mərkəzi”nin, “Erməni Araşdırmaları İnstitutu”nun qurucusu, XXI Əsr Türkiyə İnstitutunun qurucusu və rəhbəri, Qazi universitetinin professoru Ümid Özdağdır. 

Onu da qeyd edim ki, professor azərbaycanlıların və türkiyəlilərin yaddaşında ermənilərə “atalıq eləyən” İsrail prezidentini rəzil edən TÜRK kimi də özünə yer edib:


- Ümid bəy, Azərbaycanı sizə tanıdan hadisə...

- Altı yaşım olanda atamın evə gətirdiyi “Şeyx Şamil dansı” adlı valda “Şamilin duası” adlı bir şeir vardı. Mənə elə gəlir ki, Azərbaycanla ilk tanışlığım o şeir sayəsində oldu. Maraqlıdır, heç bir misrada Azərbaycanın adı çəkilmirdi amma mən şeiri dinləyincə atama verdiyim suallardan aldığım cavablardan rus ordusunun zəbt etdiyi Türk ölkələrindən birinin də Azərbaycan olduğunu öyrəndim. 

- Türkiyədən baxanda Azərbaycanın Türk dünyasındakı duruşu necədir? Həm siyasi, həm mədəni, həm də iqtisadi baxımdan ...

- Türk Dünyası 1990-cı ildən bu günə qədər əhəmiyyətli inkişaf yolu qət etmişdir. Xüsusilə Azərbaycan və Qazaxıstanın inkişafı yaxşı mənada heyrət doğuran və təsir edici bir irəliləyişdir. Azərbaycana xaricdən gəldiyin zaman bunu daha aydın görmək olur. Əvvəlcə dövlət düşüncəsinin oturması, təşkilatlanması və davamlılıq qazanması çox sevindiricidir. Dövlət və müstəqillik düşüncəsi olmayan heç bir cəmiyyətin gələcəyi ola bilməz. Azərbaycan bu cəhətdən çox əhəmiyyətli bir məsafə qət etmişdir. Önümüzdəki on ildə Azərbaycanın dövlət təşkilatlanmasından siyasətin demokratikləşməsinə doğru ikinci addımı atmasına ehtiyacı var. Cənab İlham Əliyevin Türkiyədə İsmət İnönünün 1950-ci ildə reallaşdırdığı demokratikləşmə prosesinin liderliyini etməsi, onu yalnız Azərbaycan tarixində deyil Türk Dünyasının tarixində də sayılıb-seçilən bir yerə gətirəcək.

Bundan başqa Azərbaycanın sahib olduğu enerji qaynaqları da bu ölkənin XXI əsrdə sürətlə yüksəlməyinə dəlalət edir. İqtisadiyyatın güclənməsi Azərbaycanın demokratikləşməsini asanlaşdıracaq bir faktordur.


- Hocam, bildiyiniz kimi, Cənubi Azərbaycanda 40 milyondan çox türk yaşayır. Və burada yaşayan millətimiz İran hakimiyyəti tərəfindən sistemli şəkildə assimilyasiyaya uğrayır. Yalnız Azərbaycan Türkü olduğu üçün, öz dilində danışmaq, təhsil almaq istədiyi üçün asılan minlərlə qardaşımız var. Necə bilirsiniz, Türk dünyasının bu mövzudakı cəhdləri kifayət qədərdimi?

- İran Türkiyədən sonra ən böyük Türk ölkəsidir. Təbriz də bir Türk şəhəridir Tehran da. Bunu başa düşmək üçün o şəhərlərdə bircə dəfə gəzmək lazımdır. İranın Türklərə assimilyasiya şansı yoxdur. Türk Dünyası ilə İran Türklüyü arasında əlaqələr o qədər yaxınlaşmışdır ki, İran rəhbərliyi Türk Milləti, Cənubi Azərbaycan həqiqətini qəbul etmək məcburiyyətində qalacaq. Bu İranı zəiflətməz, əksinə gücləndirər. Çünki, İran Türkləri İranı öz ölkələri olaraq qəbul edib.

- Türkiyə millətçiləri, ülkücüləri arasında belə bir ifadə var: lider ölkə Türkiyə. Bu liderlik Turana ilk addımdır deyilir. Azərbaycana Turanın ürəyi Türkiyəyə isə Turanın beyni kimi baxılır. Sizcə Turan nədir? Turana gedən yolda Azərbaycanın missiyası nədir?

- Əvvəla, bunu qeyd edim. 1950, 69 və 70-ci illərdə Türk millətçiləri Sovetlər Birliyində yaşayan əsir Türk xalqlarının müstəqilliklərini tələb etdiyi zaman çox adam Türkiyədə bizə xəyalpərəst gözü ilə baxırdı. O xəyal gerçək oldu. Türk Dünyasının Birliyinə də xəyal gözü ilə baxanlar bilməlidirlər ki, Türk Dünyasının birliyi bir gün gerçək olacaq. Asan olmayacaq, çox çətin olacaq amma biz görməsək də uşaqlarımız Türk Birliyini mütləq görəcək. Azərbaycanın missiyasını, bu birlikdə yerini isə azərbaycanlı Türk millətçiləri təyin edəcək. Yeri gəlmişkən onu da qeyd edim ki, Türk dünyasının millətçiləri arasındakı ünsiyyət çox zəifdir və təşkilati deyil. Qarşıdakı on ildə bu istiqamətdə əhəmiyyətli və sürətli addımların atılması böyük əhəmiyyət kəsb edir.

- Rəcəb Tayyib Ərdoğan "... biz hər cür millətçiliyi ayaqlar altına almış bir iqtidarıq" dedi. Elmi kimliyinizlə bərabər siz eyni zamanda bir Türk milliyyətçisi olaraq da tanınırsınız və bu mövzudakı düşüncələriniz nədir?

- Ərdoğan siyasi ümmətçi bir ənənədən gəlir. Bu ənənə olmayan bir millət ideologiyasına bürünmüş, İslam milləti fantaziyasına inanan, Türk Millətinin reallığını inkar edən bir ənənədir. Ötən on il ərzində Ərdoğan və heyəti milliyyətçilik anlayışına ağır zərbələr vurub, bu anlayışı qaralamağa çalışmışdır. Son bir ildə isə birbaşa "Türk milliyyətçiliyinə" hücum başlamışlar. Halbuki Türk Milliyyətçiliyi Türkiyəni ayaqda tutan, Türk Dünyasının birliyini təmin edəcək yeganə düşüncədir. Əminəm ki, Türk Milliyyətçiliyi tarix boyu qarşısına çıxan maneələri necə dəf elədisə Ərdoğan və komandasına da gücü yetəcək. Ancaq hələ ki, Türkiyə və Türk Dünyasında bu zehniyyət ağır təxribatlar törətməyə davam edir.

- Orta Şərqi ən yaxşı bilən insanlardan birisiniz. Ortadogu layihəsilə otuz altı ölkənin sərhədlərinin dəyişdiriləcəyi, Türkiyənin də bu ölkələr arasında olduğu iddia edilir. Bu layihədə Azərbaycan varmı? Varsa əgər həm dövlət, həm də vətəndaşları olaraq nə cür tədbirlər almalıyıq?

-“Ortadoğu projesi” adı çəkilmədən, gizli bir proyekt olaraq davam edir. Məlumdur ki, Azərbaycanın zənginlikləri də iştah qabardır. Ancaq bu eyni zamanda Azərbaycan üçün bir zəmanətdir. Qlobal sərmayə Azərbaycanda sabitliyin pozulmasını, gələcək qeyri-müəyyənliyi istəmir.

- Biz daha keçən günlərdə Xocalı qırğınının iyirmi birinci ildönümünü yaşadıq. Necə bilirsiz, bəzi həqiqətlərin isbata ehtiyacı varmı?

- Bəli, var. Türk millətinin başına gələn bütün həqiqətlərin isbata ehtiyacı var. Bunun üçün Türk ziyalıları sistemli şəkildə mübarizə aparmalıdır. Qərb Türkə edilən haqsızlıqları görməmək və unutmaq mövzusunda çox qərarlıdır. Bunu aşa biləcək tək mübarizə üsulu isə bu həqiqətləri davamlı gündəmdə tutmaqdır.

- Azərbaycana diləkləriniz...

- Azərbaycanın müstəqil, zəngin, demokratik, erməni işğalına son vermiş və ərazi bütövlüyünü təkrar təmin eləmiş bir Türk ölkəsi olaraq gələcəyə getməsini istəyirəm. 

Kaspi  Gazetesi / Azerbaycan

Yorumlar