Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

SON DAKİKA

“MHP-nin Qarabağ siyasəti Azərbaycanın Qarabağ siyasəti ilə eynidir”

19 Mart 2013 10:10
“ Oqtay Vural: “Azərbaycan-Türkiyə əməkdaşlığı daha güclü olsa, Qarabağ münaqişəsinin həlli daha tez əksini tapar” „
“MHP-nin Qarabağ siyasəti Azərbaycanın Qarabağ siyasəti ilə eynidir”

Röportaj: Nigar İsfendiyarqızı

Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılması məsələsində Azərbaycanın haqlı etirazına dəstək olan Millətçi Hərəkat Partiyasının Türkiyə Böyük Millət Məclisindəki ("qrup başkan vəkili") təmsilçilərindən biri, sabiq nazir Oqtay Vuralın xüsusi müsahibəsini sizə təqdim edirik.

Onu da qeyd edək ki, Millətçi Hərəkat Partiyası ölkəmizdə böyük nüfuza malikdir. Bunu ölkə başçısı İlham Əliyev də MHP millət vəkilləri ilə görüşündə dilə gətirdi və sərhədlərin açılması məsələsində Azərbaycana dəstək olduqları üçün şəxsi təşəkkürünün partiya sədri, cənab Dövlət Bağçalıya çatdırılmasını istədi. 

 

- Oqtay bəy, bilindiyi kimi, Millətçi Hərəkat Partiyası müxalif bir partiyadır. Bəs, Türkiyə Böyük Millət Məclisində necə, hansı mövqedən çıxış edir, millətçilik prinsiplərindənmi, ya müxalif yönündənmi? 


- Əslində, bəli. Özünə xas bir türk milliyyətçiliyini yürütdüyü siyasətin mərkəz nöqtəsi təyin etmiş bir partiyanın, Millətçi Hərəkat Partiyasının bu duruşu eyni zamanda digər partiyaların Türk millətinin əleyhinə olan mövzularda atdığı addımları ortaya qoymaq baxımından da bir vəsilə olur. Bu partiya olmasaydı millətçilik anlayışının taleyinin necə olacağı bəlli deyildi. Partiyanın əsas prinsipi millətçilik olduğu təqdirdə ətrafındakı partiyaların prinsiplərinin, məqsədlərinin nə olduğunu təyin etmək, onların milli mövzularda Türkiyəni düşünüb-düşünmədiyi bəlli olur. MHP mövqe olaraq müxalif yöndə durur, ancaq ölkənin mənafeyindən bəhs edən mövzularda əsla müxalifət deyil. Biz partiya olaraq ancaq Türkiyənin əleyhinə olan qərarlara müxalifət oluruq. MHP partiyalarla müxalifətdir. Türkiyənin əleyhinə olan mövzularda müxalifət olub sözünü söylər, lehinə olan qərarlarda isə dəstək verər.


-Bəs sizcə, eyni davranışı digər partiyalardan da gözləmək olarmı?


-Xeyr. Digər partiyalar siyasi mənfəətinə görə hərəkət edir. Belə bir deyim var, çox sevərsinizsə gözünüzü gözünüzdən saqınırsız. Biz də gözümüz kimi sevirik Türkiyəni. İstəyirik ki, millətimiz zərər görməsin. O ağrı-acıları  təkrar yaşamasın. İnsan millətini sevirsənsə o halda onu qorumaq üçün hər şeyi etməlidir. Biz də MHP olaraq partiyanın proqramını millətin mənfəətlərini nəzərə alaraq  hazırlayırıq. Təəssüf ki, digər partiyalar bu anlamda bizim reflekslərimizə sahib deyillər. Onların hədəfləri sadəcə səs qazanmaqdır. Bizə görə öncə millət və dövlət mənfəətləri gəlir. MHP Türkiyənin qazanclı çıxacağı bir siyasət tətbiq edir.


-AKP quruyltayında şərəf qonağı Quzey İraqın lideri Bərzani oldu. Buna qarşılıq olaraq MHP qurultayında da Türk dünyasından qonaqlar dəvətli idi, eyni zamanda Mahmudəli  Çöhrəqanlı...


-Bəli, MHP Çöhrəqanlını dəvət etdi. Təəssüf ki, o ancaq Ankaraya qədər gələ bildi. Bildiyiniz kimi sərhəddən buraxılmadı. Mən bu hadisəyə çox kədərləndim. Bizim şərəf qonaqlarımız Türk Dünyasının, Türk millətinin dostları idi. Türk millətinin övladlarına, əsgərlərinə güllə atan, PKK terror təşkilatına ev sahibliyi etməklə bərabər, ictimai dəstək də verən Bərzaninin Türkiyənin iqtidar partiyasının qurultayında şərəf qonağı olaraq dəvət edilməsi Türkiyənin necə bir təhdid qarşısında olduğunun göstəricisidir. Bizim şərəf qonaqlarımız isə Türk övladlarıdır. Bizi digərlərindən fərqli qılan da budur. Bir Türkiyə düşünün ki, terrorçunu torpaqlarında saxlayır, şərəf qonağı olaraq çağırır, başqa bir Türkiyə düşünün ki, o terrorçuya qarşı hərbi əməliyyat etmək məcburiyyətindədir. Bəli, MHP-nin şərəf qonağı bu millətin dostlarıdır. Düşmənləri isə ancaq bizim lənətimizə layiqdir. 


-Mənim üçün ən özəl suala gəlmək istəyirəm. Azərbaycan sabiq nazir, indiki millət vəkili üçün nə ifadə edir?


-"Bir millət iki dövlət" düşüncəmiz var  amma mənə görə bizim əlaqələr fərqıi amplularda inkişaf etdirilməlidir. Ortaq siyasət yürütməyimiz mütləqdir. Qafqazın təhlükəsizliyini və sabitliyini təmin edəcək bir əməkdaşlığın yaradılması lazımdır. Bu səbəblə də Azərbaycanla Türkiyə arasındakı bu əlaqələr eyni zamanda bu coğrafiyada ortaq xarici siyasət, ortaq enerji və iqtisadi mənfəətlərimiz istiqamətində inkişaf etdirilməlidir. Bu halda biz daha güclü olarıq. Türkiyə-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsini, əməkdaşlıqların gücləndirilməsini görmək istəyirəm.


-Oqtay bəy, Azərbaycanın həm də Qarabağ problemi var... 


-Türkiyə Azərbaycanla ortaq müdafiə siyasəti həyata keçirərsə, bu, Azərbaycanın Qarabağ məsələsində güclənməsinə səbəb olar. Təəssüf ki, Rusiya da başda olmaqla, Qərb dövlətləri, Fransa, Amerika və s. Qarabağ işğalına, Xocalı soyqırımına göz yumdular. Nə etməli ki, günümüz dünyasında haqq haqlının deyil. İndi haqq güclünündür. Belə halda bizim daha güclü olmağımız lazımdır. Azərbaycan-Türkiyə əməkdaşlığı daha güclü olsa Qarabağ münaqişəsinin həlli daha tez əksini tapar. Dünya ölkələri Qarabağ məsələsində Türkiyənin müdaxiləsini istəmirlər. Bizim üçün isə Azərbaycanın ərazi bütövlüyü önəmlidir. Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi Türk dünyası, Türkiyə və MHP üçün önəm kəsb edir. Qarabağ məsələsində ortaq müdafiə siyasəti xarici ölkələri də yerində oturmağa məcbur edər. Bir sözlə daha güclü olmağımız  lazımdır ki, haqqlarımızı qoruyaq.


-Millətçi Hərəkat Partiyasının önümüzdəki dönəmdə Qarabağla bağlı planları nədir?


-Türkiyə Böyük Millət Məclisində MHP olaraq sərhəddlərin açılmasına etirazımızı bildirdik. Bildirdik ki, Qarabağdan ermənilər çıxmalıdır, əks təqdirdə sərhəddlər açıla bilməz. Qarabag məsələsiylə bağlı Rusiya, Fransa, ABŞ bərabərliyinin problemin həlli nöqtəsində kifayət qədər təsirli olmadığını görürük. Əgər Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin inkişaf etdirilməsi istənirsə Qərb, Ermənistanın Azərbaycan torpaqlarından çəkilməsini təmin etməlidir. MHP-nin Qarabağ siyasəti Azərbaycanın Qarabağ siyasəti ilə eynidir. Azərbaycana dəstəyimiz tamdır.


-Azərbaycana diləkləriniz nədir?


-YAŞASIN Azərbaycan! Mən Azərbaycanın bütün bu problemləri aşacaq gücdə olduğuna inanıram. Azərbaycanın sahib olduğu potensial Türkiyə və dünya üçün çox əhəmiyyətlidir. Azərbaycan bayrağını gördüyüm zaman qürur hissi keçirirəm. Ordakı qardaslarıma salamlar və sevgilərimi yollayıram. Bir daha təkrar edirəm: YAŞASIN AZƏRBAYCAN!

Yorumlar

Röportajlar Manşet