“Bir kağız parçası kimi düşmüşəm çayın axarına...”

13 Mart 2013 13:29
“Bir kağız parçası kimi düşmüşəm çayın axarına...”

Alim Qasımov: “...eşqə gəlib bir ağız oxudum, bir də baxdım ki, ətrafımdakılar ağlaşır...” 

Fərqanə Qasımova: ”... o baxışlar təkcə səhnədə deyil, həyatda da mənimlədi...”

SÖZ ruhun, SƏS tənhalığın rəsmidi.
SƏS tənhalığın rəsmidi – rəngləri AHdan, NALƏdən, İNİLTİdən...
SƏN rəsm çəkirsən göy üzünün boşluğuna...
Tanrım! Artıq ürəyimdə deyil, ürəyimin içindəki qandasan. Boğulursanmı? Oxu, Alim!


Rüstəm Behrudinin Alim Qasımova məktubundan...

...SƏSin ağladığını hiss edirsən. Gözyaşları ürəyinə süzülür. Sənə elə gəlir ki, SƏS başını sinənə qoyub dincəlmək istəyir, “başıma sığal çək” deyə yalvarır. SÖZ yetirir özünü. Yükü isə sənindi. Daşı daşıya bilsən. Bax belə yerdə O çatır harayına. Bir də dönürsən ki, yerdə bardaş qurub, əlini atıb qulağına, SÖZlə SƏSə layla deyir.
SƏS, SÖZ və ALİM, birlikdədilər. Seyr edirsən onları. Sən hardasan bu an? Haralardasan? Bilmirsən...
Ya da bilirsən əslində. Sən SƏSlə SÖZün Alimlə birgə Tanrıya uzanan yolundasan. Geri dönüşün imkansızdı. GET! gedə bildiyin qədər...
Evin tikilsin, səs yiyəsi, dəli elədin RUHUMU. Çatladım axı, bu nə səsdi, aldı başını üzü Tanrıya yol alır? Yazığın gəlsin, canımdakı CAN əridi....
Allah eşqinə, bu adamı getdiyi yoldan geriyə qaytaran ola, bir dayandırıb deyən ola, insafın olsun, zalım adam, bu camaat yazıqdı axı...

Alim Qasımovun evində qonağıq. Yerdən hazırlanmış çay süfrəsinin arxasında söhbətə başlayırıq. Kənddən çıxandan bardaş qurmağı unutmuşdum. Buranın havası da başqadı. Vallah, düzünü desəm, nə soruşacağımı bilmirəm. Eləcə gəlmişəm ruhumu doyurmağa...


Röportaj: Nigâr İsfendiyarkızı

-Alim müəllim, xoş gördük sizi.

-Xoş günlərdə görüşək.

-Siz Azərbaycanın fərqli sənətçilərindənsiniz. Mən çox insanlar arasında bunu görürəm, sizi ifadə edəcək bir titul tapa bilmirlər. Nə sənətçi kimi bu çərçivəyə sığmırsız, müğənni kimi müğənnilik heç sizə yaxın düşəsi deyil. Fərqlisiz və ən əsası bu fərqi sənətə daşıyırsız...

-Onu görənlər görür. Mən həyatın ən sadə tərəfini yaşamağa çalışıram. Bəlkə fərqliliyim də elə bundadır. Hamı yeniliyə dartınır, müasirliyə qaçır, mən isə əksinə. Bilirəm ki, gedəcəyim yer oradır, ona görə də torpağa daha da yaxın olmaq istəyirəm. 

-Mənim təbirimcə isə Alim Qasımov sənətin dəliliyini tam üzə çıxaran bir adamdı...

-Canlı aləmdən ayrılanda ağıl artıq azalır və sənin elədiyin HAL-dan xəbəri olmayanın gözünə dəlilik kimi görünür. Təbii ki, ariflər anlar, arif olmayanlar isə dəli deyər. Sənətin elə çalarları var ki, ora düşəndə bilməyən adam üçün dəliyə bənzəyirsən. 

-Nədi o çalarlar?

-Qapısını rahat aça bilsən sənət özü bir növ atılayıb ayranın yağını çıxarır. Amma sən o qapının harda olduğunu bilmədən açılması üçün elə hey yalvarırsan. Bir də baxırsan ki, içəridəsən. Yalnız ondan sonra rahatlıq yaranır. Əks halda oxuyanın o aləmin ətrafında vurnuxduğu, nə qapısını, nə pəncərəsini tapa bildiyi açıq görünür. Hissiyyatlı adam da bunu dərhal hiss edir. 

-Bəs o qapını nə ilə açmaq lazımdı?

-O bir EŞQdi, bir ilhamdı ki, həmən açıb girmək olmur. ZİKR eləməklə, özünə qapılmaqla, bir də tarın, kamançanın, nağaranın təsiriylə o aləmə girirsən.

-Sizin musiqidə bir az da sufilik var...

-Bunu İranda da dedilər. Səreyn adlı bir yerdə istirahət edirdim. Bir kişi yaxınlaşdı ki, “sən Alim deyilsən?” Mən də heç kim görməsin, rahat olum deyə hamıdan gizlənirdim. Daha qaça bilmədim, gördü elə oxşayıram, mənə dedi ki, “qardaş, sən artıq musiqidən, muğamdan çıxmısan, sufi, dərviş aləmindəsən”. Özümü sufi saymıram dedim, o təriqəti duyuram, amma bilmirəm yolunu, yaşamıram. Bu cür sualları xaricdə də çox verirlər. Ola bilsin ifa zamanı o əlamətlər görünür.

-Siz eyni zamanda Hacısız. Musiqinizdə İslam çalarları necə, varmı?

-Mənim musiqim paklığa, saflığa tamaşaçıların dediyinə görə Allaha qovuşdurursa, insanın ürəyindəki kin-küdurəti təmizləyirsə elə bunun özü ilahi EŞQdi. Hərdən bu səsimlə bəlkə mən də Allah yolunda oxuyardım, deyə düşünürəm. Sonra da fikirləşirəm ki, Quran oxuyanlar çoxdu, gözəl avazları da var. Bəlkə Rəbbim məni bu yolda ora gedən adamlarçün bir körpü edib? Allah, dərgahına getmək istəyənlər üçün o qədər yollar qoyub ki...

-Alim müəllim, bizim Qədir Rüstəmovumuz vardı. Bir az kəndçivarı desək, onunla üz-üzə iki kəlmə danışmaq mümkün deyildi. Amma oxumağa başladımı...

-Mənim özüm də Qədirə həmişə qulaq asıram. Allah rəhmət eləsin. Heç inanmıram ki, “Sona bülbüllər” in səsi gələndə kimsə ayaq saxlamasın. 

-Özün o sənətin zirvəsində deyilsənsə səndən çıxan necə olur ki, səndən böyük olur?

-Onun özünə məxsus qəlizliyi olduğuna görəydi bunlar. Jurnalistlər də, tamaşaçılar da ola bilsin ona hamıya yanaşdıqları kimi yanaşıblar və onun aləminə girə bilməyiblər. Bunu edə bilsəydilər görərdilər Qədirdə nə aləmlər var. Qədir eləydi, sual verəndə deyərdi ki, mənə sual vermə. 

-Azərbaycan musiqisini, bütövlükdə götürəndə Azərbaycan mədəniyyətini mənim ağlıma, düşüncəmə görə bir çərçivəyə salmaq imkansızdı...

-Bir arxiv kimi bu bəlkə də mümkündü, musiqiyə baxan insanlar bu işi görüblər də. Amma inkişaf üçün o bir yerdə qala bilməz. 

-Bəs bu mənəviyyatı tədris etmək necə mümkün olur? Siz həm də dərs deyirsiz...

-Dərsin özündə də o əhval-ruhiyyə olmalıdı. Biri var aşağı siniflər biri də var ali məktəblər. HAL da yaşa uyğun olmalıdır.

-Ola bilərmi ki, uşağın səsi var amma o HAL onda yoxdu? 

-Azərbaycanda indi əksər oxuyanlar belədir. Səsi var, amma eşqi, halı yoxdu. Muğamın bir sirri də bundadır ki, əvvəl o səsin gücü ilə oxuyursan, amma sonra səsdə o şaqraqlıq qalmırsa, yığa bildiyin ustalıq harayına çatır. Usta ola bilmirsənsə vay halına. 

-Harda dərs deyirsiz?

-Asəf Zeynallıda, bir də Milli Konservatoriyada. 

- O Asəf Zeynallıda ki, bir vaxt sizə “üç” vermişdilər.

-Yox, “üç”ü Sumqayıt musiqi məktəbində vermişdilər, burda da əla pul istəmişdilər. İndi elə burda dərs deyirəm.

-Muğam Azərbaycan mədəniyyətinin səsidir. Siz isə xaricdə Azərbaycan muğamı deyiləndə ağla ilk gələn isimlərdən, bu mədəniyyətin aparıcılarındansınız. Necə düşünürsüz bu eyni zamanda torpağımızın verdikləri ilə ilahi bir ruhun sizdə təzahürü deyilmi?

-Nə gözəl ifadə elədin. Ola bilsin qandan, candan, torpaqdan gələn bir HAL var, EŞQ var, özünü oxumaqda biruzə verir. Təbii ki, bunu aşılamaq da lazımdır. Mənim bir neçə tələbəm var ki, onlar o hala dalıb dinləyənə hiss etdirə bilirlər Alim bulağından su içdiklərini.

-Sizi dinləmək üçün türk olmaq lazım deyil... 

-Amerikada konsertlərin birində soruşdular ki, sizə oxumaq üçün nə qədər vaxt lazımdır? Dedim ki, 7 dəqiqə. Bir az zümzümə etməyimi istədilər, mən də eşqə gəlib bir ağız oxudum, bir də baxdım ki, ətrafımdakılar ağlaşır...

(Alim Qasımovu az da olsa tanıyanlar yəqin edər ki, Alim bəy bu əhvalatı sözlərlə deyil, özünəməxsus hərəkətlərlə danışır)

Məndən bunu soruşan amerikalı qadın idi, ağlaya-ağlaya gəlib məni qucaqladı ki, bu nədi belə? Mən də dedim, əşi, oxumaqdı da. Milliyyətindən asılı olmayaraq o HALI yaşayan adamlar var. Necə dinin, eləcə də bu folklor musiqisinin də xəstələri var. Əgər hansısa sənətkar o aləmdən bir balaca tuta bilirsə adamları da arxasınca aparır. 

-Alim müəllimin söykəndiyi ədəbiyyat zirvəsi... Fizulimi, Nəsimimi?

-Vallah, mən ədəbiyyatçı deyiləm, bir balaca sözü hiss eləmək qabiliyyətim var. Elmim yox, savadım yox. Sözə baxıram.

-SÖZ nə deyir sizə?

-O söz ki, tutur məni, ifa zamanı çalışıram onu yaşayam, o sözün halına düşəm. Bəlkə də mənim bu cür olmağım bir az da savadsızlığımdan irəli gəlir, çünki çox savadlı olsaydım dərindən gedərdim, çox adam da o dərinə gedə bilməzdi. Ona görə də o üzdə olanla musiqini qarışdıranda artıq orda bir qığılcım əmələ gəlir. Gərək məni də bir balaca yandırsın.

-Alim müəllim, Azərbaycan mədəniyyəti yazılmamış bir qanundu...(sözümü kəsir) 

-Yəni zəncirə vurulması imkansız bir şeydi. Vaxtilə nə qədər söz deyənləri, kəsib töküblər amma yazdıqları qalıb və qalacaq.

-Və bu mədəniyyət başqa bir millətdə yoxdu (yenə kəsir sözümü...)

-Yoxdu sözü deməyək, ola bilsin bizimkindən də gözəlləri var. Baxın, mən aşıq musiqisinə adi musiqi kimi baxırdım. Amma bir az zəhmət çəkib dinlədim, gördüm, ayrı aləmdi. İndi bu musiqiyə muğam kimi qulaq asıram. Elə aşıqlar ola bilər ki, muğam ona cavab verə bilməz. Biz də yad mədəniyyətlərə hələ gedib çıxmamışıq. Hindistanın musiqisini necə inkar eləmək olar? Milli musiqinin ifası gözəl olanda onu parladır, dünyəvi edir. Bu cür ifa edəninin olmaması o mədəniyyətin geridə qalmağı demək deyil. Ravi Şankarı misal çəkim, az qala bütün dünya gitaraçıları ondan bəhrələnib. Amma sənin sözünə qüvvət verəcəm - bizim musiqimiz həcmimizə görə bütün mədəniyyətlərdən yüksəkdə dayanır. 

-Mən millətçiyəm Alim müəllim, məndən ötrü hər şeydən əvvəl millətim gəlir...

-Vallah millətlərin hamısı yaxşıdır. O yaxşının içində pisin olması da normaldır. Qızılgülün yanında tikan olmazmı? Bir də ki, indi bütün dünyaya siyasət bulaşıb. Allah bizi düz yollara yönləndirsin.

-Mənim gəlmək istədiyim bir məqam var. Bizim şairlərimiz, Ramiz Rövşən var-dəlidi, Rüstəm Behrudi var-dəlidi, oxuyanımız da... (sözümü kəsir)

-Elə o da dəlidi də...

(Müsahibəm müsahibə olmaqdan çıxır. Ümumi qəhqəhə imkan vermir ki, söhbətimi davam elətdirim...)

-Axı biz bu işləri normal çərçivədə bacara bilmərikmi?

-Xəbərin doğrusu dəlidən çıxır da...

-R. Behridi deyir ki,

“Sevda nədi soran adam, 
deyim, bədən bil, can olur.
zaman, zəmanə dayanır,
min il dönüb, bir an olur”

Sizin musiqiniz Azərbaycan xalqına dərmandı, ilaçdı, əlacdı. Bu nə cür sevdadı ki, nə oxuduğunuzu bilməyənlərin belə içindəki sarı simi tərpədir?

-Qəşəng sualdı. Bax, mən televizorda qulaq asıram, oxuyan cavanları dinləyirəm, baxıram ki, oxuyur, notları göstərir, amma təsiredici bir şey yoxdu. 

-İnsanımızmı yaralıdı, musiqimi hədəfə dəyir?

-Musiqi hədəfə dəyəndə yaraya ehtiyac yoxdu. Mən özüm də bu haqda çox fikirləşirəm, musiqi insanın elə bir orqanına dəyir ki, adamın gözündən yaş gətirir. Qəribə bir şeydi, şillə vurmursan, qulağını çəkmirsən amma ağladırsan. Eləcə də gözəl bir söz. Mən bunun sirrini aça bilmərəm, bu Allahın qəribə bir sirridi. Alim Qasımovun musiqisinin təsir elədiyi insanlar duyurlar ki, o çılpaq musiqi oxumur, eşqli, ilhamlı oxuyur. Bizim cavanlarımız arasında da bu cür duyumlular çoxdur, eləsi var ki, lap dəli aşiqdi. Sənətin cavan tamaşaçısı da çoxalır.

-Sizi parçalayan bir təbəqə varmı? Yoxsa Alim bəy bütündümü?

-Mən kasıb ailəsində doğulmuşam elə indi də o təbəqədənəm. 

-Necə yaşayırsız?

-Əla. Əladan da əla. Çox olsa azdırar axı. Allah nizamlayıb hər şeyi. Məni nə valideynlərim nə də özümün ağlım yönəltməyib. Bir kağız parçası kimi düşmüşəm çayın axarına, o da gətirib buralara çıxarıb. O çayı da Allah axıdır. Çox şükür, düşündüklərimdən də artığını qismət eləyib. 

-Ailə içində irad tutulurmu sizə?

-Deyirlər amma sonda yenə mən deyənə gəlirlər. Çünki həyatın dadı elə sadə yaşamaqdadır. Bilirsiz, hər şey qədərində gözəldir. 

-Qızınız Fərqanə xanım...

-O məndən də betərdi, dərvişlərin dərvişidir. 

-Səhv eləmirəmsə konsertlərin birində avazla çağırmısız onu...

-(gülür) hə, Fərqanə fasiləyə çıxmışdı. Onlar nə bilir mən muğamla nə oxuyuram?, Əlində alma yeyə-yeyə, nömrəyə hazırlaşır, bir də baxır ki, mən oxuyuram, aman eyyy, qızım gəlsin ey, mənim bu halıma kömək eləsin ay aman. 

(... məndə gülməkdən hal qalmayıb. Özümü toplayıb üzümü Fərqanə xanıma tuturam)

-Fərqanə xanım, Alim Qasımovun qızı olmaq...(sözümü kəsir),

-Vallah, bu sualı o qədər veriblər ki, 

(Alim müəllim sözə qarışır)

-Bu dəfə kişi kimi cavab ver də, denən ki, həm şərəfdi, həm məsuliyyət. Mən həm öz adımı qorumalıyam həm də onun adının şərəfini daşımalıyam. Canımı, həyatımı verməliyəm ki, onun adına xələl gəlməsin. De də bu cür...

(...artıq aləm qarışıb)

F.Q - O nə dedisə onun dediklərini mənim adımdan deyin.

-Mən bunu istəmirəm. Alim müəllimin səhnədə sizə bir məmnun-məmnun baxmağı var. O an nə hiss edirsiz, yanınızda duran adam həm Alim Qasımovdu, onun bir çəkisi var, eyni zamanda da evdə dədə dediyiniz adamdı, atanızdı...

-Vallah onun varlığının mənim üçün nə qədər əziz olduğunu hərdən xəyalımda da düşünürəm. Bəzi duyğular var ki, insan onu dilə gətirib ifadə edə bilmir amma özünə bəllidi. O baxışlar təkcə səhnədə deyil, həyatda da mənimlədi. Hər an, hər dəqiqə içimdən keçirirəm ki, bu adam başqa adamdı. 

-Sizin ata-bala oxuyanda getdiyiniz yer haradı? Əllərinizi Tanrıya açıb dua edirsiniz sanki...

-Atam gedir, məni də aparır özüylə. Ta hara gedir, bilmirəm. İşığı tutur, yolu göstərir. Biz də düşürük arxasınca.

-Səhnədə çox rahat görünürsüz. Amma yəqin ki, bu rahatlığın arxasında gərgin bir əmək var...

A.Q: - Orda oturana qədər zülümlər çəkirik. Çəkməyib oturanda o zülümü orda çəkirik. 

-Fərqanə xanımın xanım olmağı səhnədə çətinlik yaratmır ki?

-O abır-həyanı qorumaq o qədər də asan deyil, mən kişi xeylağıyam, azadam. Amma o örpəyi başında, həyası əlində, mən bilirəm nələr çəkir. 

-İstədiyinizi ala bilirsizmi ondan?

-Döyə-döyə. Ciddi deyirəm, biz səhnədə vuruşuruq. Kim yıxdı-yıxdı, ata-bala deyilik orda. Sülhə doğru getdiyimizə görə qalib yoxdu. Fərqanə maşallah çox öhdəsindən gəlir, hətta mən o aləmə girib gedirəm, heç düşünmürəm ki, o arxamca gələ bilər, ya yox.

-Bu eyni zamanda bir Azərbaycan xanımının abır-həyasını, dəyərlərini dünyaya daşımaqdı...

-Amerikanın bir şəhərində Leyli-Məcnun oxuyurduq. Bir nəfər gəldi ki, sizin konsertdə dünən olmuşam, bu gün də gedib ailəmi gətirmişəm ki, sizin qızınıza baxıb başıbağlıların terrorist olmadığını görsünlər. Görsünlər ki, nə aləm yaradır.

-Fərqanə xanım, günümüz gəncləri hicabdan qaçırlar. Sizi necə, baş örtmək yormur ki?

(Alim müəllim, sualımı məhv eləyir) 

-Niyə yorsun, qrimə pul vermir, makiyaja pul vermir, tənbəl adamın malıdı e o yaylıq, bağlayıb gedir.
(artıq qəhqəhə tufanının önünü ala bilmirəm və deyəsən söhbəti yekunlaşdırmağın vaxtıdır)

-Allah sizi var eləsin Alim müəllim. Onu da deyim ki, müsahibəmiz Türkiyə mətbuatında da yayımlanacaq. Sizin ordakı oxucularımıza xüsusi bir sözünüz varmı?

-Bizim musiqimizi Türkiyədə duyan adamlar çoxdu, orda silsilə konsertlər vermişik, hər dəfə də gəlib deyiblər ki, bizim əsl musiqimiz budur. Həm İranda, həm Türkiyədə musiqinin kökü bizimki ilə eyni olub. Mən onlara öz salamımı yetirirəm və deyirəm ki, tezliklə İstambulda görüşmək üzrə salamat qalın.

F.Q:- Allah Alim müəllimi bizə çox görməsin, səsi həmişə var olsun, biz də onun ardıcıllarından olaq.


Ayrılıram bu ocaqdan. Mənə elə gəlir ki, çəkim artıb, boyum ucalıb, ürəyim az qala dağ boydadı. Təzələnib dəli ruhum, dünya da başqa dünyadı. Ürəyimə yığdıqlarımla danışıram. Gözlərimdən süzülənlər isə

Rəbbimə təşəkkürümdü!

Nə yaxşı ki, muğam var!
Nə yaxşı ki, Alim var
və nə yaxşı ki...
Azərbaycan var!!! 

Yorumlar